Bazar seqmentasiyası


Bazar seqmentasiyası

Analitiklər hesab edirlər ki, fərqli sektor və təcrübə sahələrinin onlarla birləşməsi nəticəsində 200-dən çox fərqli məsləhət növünü ayırd etmək olar. Lakin, 1960-cı illərin ortalarından başlayaraq, konsaltinq sektorunun yüksəlişə keçməsindən bəri “konsaltinq” termini idarəetmə və biznes məsləhət xidmətləri ilə daha çox əlaqələndirilir. Nəticədə, insanlar əsasən konsaltinq sənayesinin strategiya və idarəetmə kimi seqmentlərinə müraciət edirlər. Belə ki, son iyirmi ildə konsaltinq sektoru peşəkar xidmət sektorunun ən yetkin sahələrindən birinə çevrilmişdir və sektorun mərkəzində əsas altı sahə mövcuddur: Strateji Məsləhətçilik (Strategy Consulting), İdarəetmə üzrə Məsləhətçilik (Management Consulting), Əməliyyatlar üzrə Məsləhətçilik (Operations Consulting), Maliyyə Məsləhətçiliyi (Financial Advisory), İnsan Resursları üzrə Məsləhətçilik (HR Consulting) və Texnologiya Məsləhətçiliyi (Technology Consulting).

Son illərdə mütəxəssislər konsaltinq sənayesini müəyyənləşdirmək və dəyərləndirmək üçün müxtəlif tipologiyalar təklif etdilər. Bununla belə, MCA, FEACO və ALM Intelligence (əvvəllər Kennedy Consulting Research and Consultancy), Gartner, IDC və ya Source Global Research kimi analitik firmalar konsaltinq bazarının müxtəlif anlayışlarını tətbiq edir və onların bazarın ölçüləri, seqmentləri və rəqiblər haqqında məlumatları və təxminləri arasında fərqliliklər olur.

Qlobal ən çox istinad edilən tipologiya isə ALM Intelligence şirkətinin yanaşmasıdır. ABŞ-da fəaliyyət göstərən analitik firmanın tipologiyası konsaltinq sənayesini altı əsas seqmentə bölür:
1) Strateji Məsləhətçilik
Korporativ / biznes strategiyasına və ya hökumət siyasətinə yönəlmiş strateji konsaltinq xidmətləri.

2) İdarəetmə üzrə Məsləhətçilik
İdarəetmə, biznes və təşkilati məsələlərlə məşğul olan məsləhət xidmətləri.

3) Əməliyyatlar üzrə Məsləhətçilik
Əməliyyat göstəricilərinə, təchizat zəncirinə, satınalma və maliyyə məsələlərinə aid məsləhət xidmətləri.

4) İnsan Resursları üzrə Məsləhətçilik
İnsan kapitalı / HR funksiyasına yönəlmiş məsləhət xidmətləri.

5) Maliyyə Məsləhətçiliyi
Korporativ maliyyə, yenidən qurulma və risk xidmətlər kimi maliyyə əsaslı məsləhət xidmətləri.

6) Texnologiya Məsləhətçiliyi
Təşkilatların İT-infrastrukturunu təkmilləşdirməyə və idarə etməyə yönəlmiş texnologiya xidmətləri.